Yanvar ayının 21-də Xocalı RİHB-nin Cəmilli kənd İƏD-si üzrə nümayəndəsinin 2019-cu il ərzində gördüyü işlər və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, idarə, müəssisə, təşkilat rəhbərləri və Goranboy rayonunun Börü qəsəbəsində məskunlaşmış sakinlər iştirak etdilər.
Xocalı RİHB-nin Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov hesabat məruzəsi ilə çıxış edərək görülən işlər haqqında məlumat verdi. Məruzəçi bildirdi ki, hal-hazırda isə Cəmilli kəndinin 294 ailəsi-1089 nəfər sakini vardır.
Cəmilli kənd əhalisi ötən 29 il ərzində 2 dəfə artıb. Hal-hazırda cəmillilər Respublikamızın 19 şəhər və rayonlarında məskunlaşıblar.
Cəmilli kənd sakinlərindən 269 ailə - 829 nəfərə dövlət tərəfindən hər ay vahid aylıq müavinət ödənilir.
Əmək qabiliyyətli əhalimiz 271 nəfərdir ki, onlardan 87 nəfər müxtəlif büdcə təşkilatlarında, 55 nəfər ailə-kəndli təsərrüfatında, 18 ailə mikro sahibkarlıq, 68 nəfər fərdi əmək fəaliyyəti ilə məşğul olurlar, işsizlərin sayı 33 nəfərdir.
2019-cu ildə Ölkə rəhbərliyinin həyata keçirdiyi özünüməşğulluq proqramı çərçivəsində 16 ailəyə mal-qara, 1 ailəyə qoyun, 1 nəfərə şirniyyat sexi üçün avadanlıq, 1 nəfərə gözəllik salonu üçün avadanlıq, 1 nəfərə avtoyuma məntəqəsi üçün avadanlıqlar verilmişdir. İl ərzində məşğulluq mərkəzinin göndərişi əsasında 7 nəfər işlə təmin olunub, 2 nəfər peşə kursuna yazılıbdır. 18 nəfər qadın tikiləcək xalça fabrikində işləmək üçün müraciət etmişdir.
Cəmilli sakinlərindən 18 ailənin müraciətləri əsasında onlara ünvanlı sosial- yardım təyin olunmuşdur.
2019-cu ildə arı saxlayan 11 nəfərin 343 arı ailəsinə, hər arı ailəsi üçün 10 manat subsidya verilmişdir.
2011-ci ildə anadan olmuş Abbaslı Abbas Nəriman oğlu il ərzində öz yaşıdları arasında böyük qələbələr qazandı.14 fevralda İranda keçirilən karate üzrə Asiya çempionatında I yerə layiq görüldü. 04 may tarixində Azərbaycanda keçirilən Kyokişin üzrə 4-cü dünya kubok yarışında öz yaşıdları arasında 1-ci yeri qazanaraq dünya kubokunun və qızıl medalın sahibi oldu. 05-08 sentyabrda İstanbulun Bayrampaşa İdman kompleksində keçirilən karate üzrə Avropa çempionatında qızıl medal qazanıb. 26-27 oktyabr tarixlərində karate üzrə yeniyetmələr, gənclər, kişilər və qadınlar arası XXVI Respublika çempionatında Abbas Abbaslı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən böyük, yüksək pilləsinə qalxıb.
Hörmətli icra başçımızın köməkliyi ilə Goranboy rayonundan əkin-biçinlə məşğul olmaq üçün 80 ha torpaq sahəsi alınaraq Börü qəsəbəsində yaşayan sakinlərə müvəqqəti istifadə üçün verilmişdir. Püşkatma yolu ilə hər bir nəfərə 0,12 ha olmaqla torpaq paylanmış və hal-hazırda həmin sahələrin hamısında arpa əkilmişdir.
2019-cu ildə nümayəndəlikdə 21 əmr, 13 sərəncam verilmişdir, sakinlərə müxtəlif məzmunlu 488 arayış verilib, sakinlərdən 16 ərizə, 33 şikayət daxil olub, ərizə və şikayətlərə vaxtında cavab verilib, bu sahədə heç bir əsaslı narazılıq qeydə alınmamışdır.
Müxtəlif idarə və müəssisələrdən 36 məktub daxil olub, müxtəlif orqanlara 110 məktub göndərilib.
Hal-hazırda Börü qəsəbəsində həlli vacib aşağıdakı problemlər vardır.
1. Qəsəbəyə suvarma suyunun çəkilməsi
2. Qəsəbəyə internet xəttinin çəkilməsi
3. Qəsəbədaxili yolların çınqıllanması
4. Qəsəbədə küçələrə zibil qutularının qoyulması
5. Qəsəbədə qəzalı vəziyyətdə olan evlərin təmir olunması və 18№-li evin yenidə tikilməsi
6. Qəsəbədaxili su xətlərinin bir hissəsi çürüyüb, su qəsəbəyə axır, həmin xətlərin dəyişdirilməsi
7. Qəsəbədaxili qaz xətlərində bəzi yerlərdə qazsızmalar var. “Təmiz qazın” işçiləri həmin yerlərə yaşıl boya ilə işarələr qoyublar, ancaq heç bir təmir işi aparılmayıb, hər an təhlükə var. Qazsızmaların qarşısının alınmasına köməklik göstərilməsi.
8. Məktəbin bir növbədə fəaliyyət göstərməsi üçün əlavə sinif otaqlarının tikilməsi, həyətdə idman qurğuları ilə təmin olunmuş idman meydançasının salınması
9. Uşaq bağçasının açılması
10. Məktəb, nümayəndəlik və həkim ambulatoriyası üçün istilikxananın tikilməsi.
Məruzə ətrafı çıxışlarda nümayəndəliyin gördüyü işlər qənaətbəxş sayıldı. Sakinlər Ramiz Qəhrəmanovun hesabat məruzəsindəki qeyd etdiyi problemlərin həlli üçün Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovdan köməklik istədilər.
Sonda problemi olan sakinlər fərdi şəkildə qəbul edildi.